Aksiyada Azərbaycandakı problemlər diqqətə çatdırılıb
Avqustun 11-də bir qrup azərbaycanlı mühacir Almaniyanın Gissen şəhərində “Gießener Anzeiger” və “Gießener Allgemeine” qəzetlərinin önündə aksiya keçirib. Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının fəallarının təşkilatçılığı ilə keçirilən aksiyada “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələbləri səsləndirilib. Meydan TV-yə bu haqda məlumat verən DAS sədrinin kütləvi təbdirlərin təşkili məsələləri üzrə müavini Məmməd Qarayev deyib ki, məqsədləri Azərbaycanda 120-dən artıq siyasi məhbusun olmasını, media azadlığına edilən təzyiqi alman mediasının diqqətinə çatdırmaqdır:
“Vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirik ki, Azərbaycandakı siyasi məhbusların tezliklə azadlığa çıxmasına müvəffəq olaq. Hesab edirik ki, alman mediasının bizim bu kampaniyalara dəstək verməsi ölkəmizdə baş verənlərin dünya mediasına və ictimaiyyətə çatdırılmasına yardım edəcək”
Aksiyanın digər təşkilatçısı, DAS üzvü Vaqif İbrahimovun sözlərinə görə, Azərbaycanda inanclı insanlar, müxalifət partiyalarının fəalları, gənc blogerlər də siyasi məhbusların sırasındadır:
“2017-ci ildə hərbçilərə qarşı “satqın” adı altında aparılan saxta istintaqda 101 nəfər hərbçi işgəncədən zərərçəkmiş kimi tanınıb, 11 nəfəri elə istintaq prosesində işgəncə nəticəsində öldürülüb. Onlardan 25-i hazırda həbsdədir. İşgəncə verirlərək öldürülən hərbçilərdən 5 nəfəri məhkəmənin qərarıyla bəraət alıb. Lakin bu cinayətə rəhbərlik edən Hərbi Birləşmələrin Korpus Komandiri Hikmət Həsənov və Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyev hələ də cinayət məsuliyyətinə cəlb edilməyib. Bununla yanaşı, məlum olub ki, İsrail dövlətində terrorçuları izləmək məqsədilə hazırlanmış “Pegasus” proqramı vasitəsilə Azərbaycanda 1000 nəfərədək siyasi, ictimai aktiv insanların telefonları dinlənilir. Bundan başqa, Bakıda inzabati həbs almış bloger Hüseyn Bakıxanov Gürcüstanda nəməlum şəkildə ölüb. Bu, özlüyündə ictimai-aktiv şəxslərin təkcə fəaliyyəti deyil, həm də şəxsi məlumatlarının yayılması və izlənilməsidir. Azərbaycanda daha bir problem qadınların şiddətə məruz qalmasına qarşı hakimiyyətin suqunluğu, polisin hərəkətsizliyidir. Bunun nəticəsində Sevinc Məhərrəmova adlı qadın 3 avqust 2021-ci ildə əri tərəfindən başı kəsilərək öldürülüb. Halbuki, ondan əvvəl S.Məhərrəmova 3 dəfə rəsmi şəkildə polisə müraciət edib, döyülməsi ilə bağlı şəkillər sosial şəbəkələrdə yayılıb”.
Fəalın sözlərinə görə, ölkədəki bütün bu problemlər müraciət şəklində hər iki qəzetin redaksiyasına təqdim olunub, onlardan məlumatların yayılmasında dəstək istənilib.