14 fevral 2021-ci il tarixində Almaniyanın Berlin şəhərinin mərkəzində video-bloger və Azərbaycan hakimiyyətini sərt tənqid edən siyasi fəal Orxan Ağayev 8 nəfərin eyni zamanda hücumuna məruz qalmış və üz-baş nahiyələrindən fiziki xəsarət almışdır. Orxan Ağayevin bildirdiyinə görə fiziki müdaxiləni həyata keçirən şəxslər türkcə danışırmışlar. Onlar vahid komanda altında hərəkət etmiş və siyasi aktivistə qarşı döymə aktını həyata keçirən kimi oradan uzaqlaşmışlar. Hadisədən sonra Orxan Ağayev həkimə aparılmış, müayinə olunmuşdur. Olaydan bir neçə gün keçməsinə baxmayaraq o, hələ də kəskin baş ağrıları və başgicəllənməsi olmasını qeyd edir. Hadisə ilə bağlı alman kriminal polisinin araşdırma aparması və bir nəfərin saxlanılması barədə Orxan Ağayevə məlumat verilmişdir.
Haqqında danışılan Orxan Ağayevin ictimai-siyasi fəaliyyətilə bağlı facebbok və youtube səhifələrindən tanış ola bilərsiniz.
https://www.youtube.com/c/HUSEYNTV1/featured
https://www.facebook.com/orkhan.aghayev.338
DAS (Demokratik Azərbaycanı Seç) təşkilatı olaraq hesab edirik ki, Orxan Ağayevə qarşı həyata keçirilən cinayət hadisəsi adi küçə davası və ya hər hansı mübahisə zəminində baş vermiş dartışma deyildir. Yaxın tarixdə digər Avropa ölkələrində baş verən olaylar, eyni zamanda Azərbaycan siyasi hakimiyyətinin siyasi opponentlərə, o cümlədən mühacirlərə qarşı apardığı kampaniya onu deməyə əsas verir ki, baş vermiş olay siyasi sifarişlidir. Qeyd etmək istərdim ki, Azərbaycan hakimiyyəti illərlə siyasi müxalifətə, müstəqil jurnalistlərə, siyasi aktivistlərə, vətəndaş cəmiyyəti fəallarına qarşı həm hüquqi müstəvidə, həm də illeqal yollarla „zərərsizləşdirmə“ yolu tutmuşdur ki, bloger Orxan Ağayevin də döyülməsini ikinci amillə əsaslandırmaq olar. 2017-ci ildə Gürcüstandan sırf qeyri-qanuni yolla oğurlanıb Azərbaycanda ittiham edilmiş Əfqan Muxtarlının, 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmiş Hüseyn Abdullayevin, 2019-cu ilin dekabrında Ukraynadan Azərbaycana deport edilmiş və bu günədək sağlamlıq durumu barəsində məlumat verilməyən bloger Elvin İsayevin və digərlərinin taleyini də əlavə etsək, Azərbaycan hakimiyyətinin bu işdə „peşəkar“lığını asanlıqla görmək mümkündür. Azərbaycan hökumətinin mühacirləri yaşadıqları ölkədə „cəzalsandırması“ siyahısı da yetərincədir. Ayrı-ayrı ölkələrdə bizneslərini həyata keçirən şəxslər vasitəsilə reketçilik fəaliyyətini bir kənara qoyaraq qeyd edə bilərik ki, 6 dekabr 2020-ci il tarixdə Fransada Məhəmməd Mirzəli gülələnmədən yaralanmış, 15 yanvar 2021-ci ildə AXCP-nün üzvü olmuş Vüqar Rzanın Belçikada öldüyü məlum olmuşdur. Bundan əlavə Avropadakı siyasi fəalların Azərbaycanda yaşayan ailə üzvlərinə qarşı polisə çağırılma, inzibati həbs, işdən çıxarılma, universitetdən qovulma hədəsi və s. formalarda təzyiq, təhdit üsulları həyata keçirilir. Qeyd etməliyik ki, bir çox hallarda siyasi hakimiyyət məhz bu yollarla aktivistləri „zərərsizləşdirməyə“ nail olur.
Bundan savayı Almaniyada barəsində cinayət axtarışı olan „Osmanen Germaniya“ təşkilatı ilə də Azərbaycan hakimiyyətinin əlaqələri ictimaiyyətə məlumdur. Azərbaycan Parlamentinin vitse-spikeri Adil Əliyevin həmin təşkilatın üzvlərinin bir qrupu ilə ictimailəşmiş şəkilləri vardır. Ştutqart məhkəməsində „Osmanen Germaniya“ qrupunun bir neçə üzvünə qarşı məhkəmə keçirilməsi və bütövlükdə qrupun fəaliyyətinin qadağan edilməsi də Alman ictimaiyyətinə məlumdur. 2018-ci ilin mart ayında Almaniyanın Köln şəhərində prezident İlham Əliyevə dəstək məqsədilə təşkil olunan tədbirdə Adil Əliyev həmin təşkilatın üzvləri vasitəsilə etirazçılara güc nümayiş etdirmiş və bunu sonradan sildiyi statusda ictimailəşdirmişdir. Aşağıdakı linkdə qeyd olunanlarla ətraflı tanış olmaq olar: https://d9mc3ts4czbpr.cloudfront.net/ru/article/adil-eliyevin-adi-kriminal-birlesme-ile-hallanir/
https://de.wikipedia.org/wiki/Osmanen_Germania
Qeyd olunanlara onu da əlavə edək ki, Azərbaycan baş prokurorluğu 2020-ci ilin sentyabr ayında mühacirətdə olan digər aktivistlərlə yanaşı Orxan Ağayev haqqında da interpol vasitəsilə axtarış elan etmişdir.
https://oc-media.org/tag/interpol/
Hörmətli həmkarlar!
Bütün qeyd olunanları nəzərə alaraq mühacirətdə siyasi fəaliyyətini davam etdirən Orxan Ağayevin həyat təhlükəsizliyinin təmin olunması istiqamətində Almaniyanın hüquq-mühafizə orqanları, o cümlədən digər strukturlarla müəyyən əməkdaşlıq etməyinizi Sizdən xahiş edirəm.
Hesab edirik ki, Orxan Ağayevin başına gələnlər obyektiv hüquqi-siyasi qiymətini almayacaqsa, gələcəkdə bu kriminal hallar daha da genişlənəcək. Bu bütövlükdə Azərbaycan hakimiyyəti tərəfindən idarə olunan kriminal qruplara imkan verəcək ki, digər fəalların da susdurulmasına nail olsunlar. Hesab edirik ki, baş vermiş olayla bağlı Azərbaycan hakimiyyətindən də açıqlama tələb edilə bilər.
Döyülmə faktına dair foto şəkilər müraciətə əlavə olunur.