Yanvarın 4-də Tarif Şurası benzinin və dizel yanacağının qiymətlərini artırıb.
Bu barədə qurumun saytı məlumat yayıb. Məlumatda deyilir ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.
Qeyd edildiyinə görə, təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası bunu məqsədəmüvafiq hesab etməyib:
“SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Qeyd edilməlidir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur”.
Açıqlamaya görə, iclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib:
“Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.”
Qurumun həmçinin bildirməsinə görə, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Habelə bildirilir ki, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb:
“İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib”.