Rüfət Səfərov
Cənab Ilham Aliyev, siz dəfələrlə nitqlərinizdə ifadə etmisiniz ki, ölkə vətəndaşları baş verən qanunazidd, qeyri-hüquqi hallar barədə məni məlumatlandırsın.
Odur ki, bir vətəndaş olaraq sizin bu fikrinizi yüksək qiymətləndirirəm, amma səmimi olaraq qeyd edirəm ki, aşağıda sadalayacağım bəşəriyyət əleyhinə olan cinayətlərin sizin rəhbərlik etdiyiniz ölkədə baş verməsindən xəbəriniz var, çünki məmurların övladlarının hər addımından, haraya gedib-gəlmələrindən, əyləncə saatlarını harada keçirdiklərindən, hansı nazirin hansı komitə sədri ilə görüşüb, nə söhbət etməsindən, hətta içdikləri çayın rəngindən, müxalifət liderlərinin səhər, günorta və axşam yeməyində hansı yeməklərə üstünlük verməsindən hali olduğunuz, avtomobillərin şüşələrinin qara olmasından narahatçılıq keçirdiyiniz halda ola bilməz ki, uzun müddətdir ki, ölkə gündəmini zəbt edən Tərtər qətliamından, tətbiq edilən işgəncə növlərindən, adamların sorğu-sualsız edam edilməsindən məlumatsız olasınız.
Beləliklə, cənab İlham Əliyev, vətəndaş kimi özümə borc bilirəm ki, Tərtər faciəsində hərbçilərimizə tətbiq edilən işgəncələr barədə bir daha sizi məlumatlandırım və ümid edim ki, nəhayət, reaksiya verəcəksiniz, işin ədalətli, tam, hərtərəfli, obyektiv araşdırılmasına dair göstəriş verəcəksiniz, təqsirli vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin edəcəksiniz:
- əl və ayaq barmaqlarının dırnaqları çıxarılıb;
- çıxarılan yerdən elektrik cərəyanı keçirilib;
- əllərindən asıb ayaqlarına elektrik cərəyanı ötürülüb;
- damaq, diş və qulaqlara elektrik cərəyanı verilib;
- lüt bədənə dayanmadan su tökərək yaş bədənə elektrik cərəyanı verilib;
- dəmir çarpayı və sulu döşəkdə lüt uzandıraraq bədənə elektrik cərəyanı verilib;
- klyonka və plastik yandıraraq kürəyə basılıb;
- yanan yerə duz, istiot, araq tökülüb;
- bütün dişlər tikintidə istifadə edilən kəlbətinlə çıxarılıb;
- cinsiyyət orqanı məngənə ilə sıxılıb;
-cinsiyyət orqanına elektrik cərəyanı verilib;
-arxa keçəcəyə armatur yeridilib;
-ağızdan qulaq dibinədək cırılıb, sonrasa ali-qolu bağlı yuxarı qatdan yerə atılıb;
-ata ilə oğulu bir otağa salıblar, oğulu məcbur ediblər ki, atanın başına sidik ifraz etsin;
-“vətənə xəyanət edənlərin” həyat yoldaşları, hətta hamilə xanımlar gətirilib, ərlərinəsə deyilib ki: ya biz deyən ifadələri verəcəksən, ya da arvadlarınıza qarşı zorakılıq tətbiq ediləcək.
Məlumat üçün qeyd edirəm ki, yuxarıda göstərilən işgəncələrin yekunu kimi 10-dan çox vətəndaş həyatla vidalaşıb.
Ümid edirəm ki, bu məlumatları bir daha sizin diqqətinizə çatdırdığıma görə bənzər işgəncələrə məruz qalmayacağam, hərçənd ki, Azərbaycan reallığında bu, tam gözləniləndir.